150 +994505000150

RİİB regionlarda gənclər arasında təsviri sənətin müxtəlif növləri üzrə təlimlər təşkil edəcək

03 aprel 2017
Paylaş
RİİB regionlarda gənclər arasında təsviri sənətin müxtəlif növləri üzrə təlimlər təşkil edəcək

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası regionlarda gənclər arasında təsviri sənətin müxtəlif növləri üzrə təlimlər təşkil edəcək.

Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi (RİİB) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası regionlarda gənclər arasında təsviri sənətin müxtəlif növləri üzrə təlimlər təşkil edəcək. Mayın 20-dən başlayacaq təlimlərdə gənclərə rəngkarlıq, heykəltəraşlıq, qrafika, bədii toxuculuq, xalça sənəti, bədii keramika və digər sənət növlərinin incəlikləri öyrədiləcək.

Pilot layihənin Ağdam, Zaqatala və Sabirabad rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Təlimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllim və tələbə heyəti aparacaq.

Layihənin məqsədi regionlarda istedadlı gəncləri üzə çıxarmaq və seçdikləri təsviri sənət növü üzrə bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Təlimlərdə iştirak etmək istəyən gənclər 1 may 2017-ci il tarixinədək elektron ərizə formasını (http://bit.ly/2ozWLRh) doldurmaqla RİİB-də qeydiyyatdan keçə bilər.

İştirakçılar təsviri sənət sahəsi üzrə qruplaşdırılacaq və nəzəri, eləcə də emalatxana şəraitində praktik təlimlər keçiriləcək.

Təlimləri uğurla başa vuran iştirakçılar Regional İnkişaf İctimai Birliyi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyası tərəfindən sertifikatla təltif ediləcək.

RİİB-in Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə təşkil etdiyi təlimlərin digər bölgələrdə də davam etdirilməsi nəzərdə tutulur.

Layihə barədə əlavə məlumat almaq üçün (012) 5050150 telefon nömrəsi, (+99450) 5000150 WhatsApp nömrəsi ilə və ya www.facebook.com/regionalinkishaf səhifəsi vasitəsi ilə əlaqə saxlamaq olar.

Qeyd edək ki, Regional İnkişaf İctimai Birliyi regionlarda ictimai nəzarətin həyata keçirilməsi, eləcə də əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi, onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında əlaqələrin qurulması, informasiya axınının təmin olunması, sahibkarlığın və turizmin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi, istedadlı şəxslərin aşkara çıxarılması və onların davamlı inkişafının təmin edilməsi, dövlət tərəfindən regionların inkişafı sahəsində həyata keçirilən tədbirlərə və layihələrə dəstək verilməsi və s. istiqamətlərdə fəaliyyət göstərir.