150 +994505000150

Heydər Əliyev İncəsənət Məktəbində “Floristika sənəti” mövzusunda mühazirə dinlənilib

31 may 2019
Paylaş
Heydər Əliyev İncəsənət Məktəbində “Floristika sənəti” mövzusunda mühazirə dinlənilib

Mayın 31-də Masallı şəhərindəki Heydər Əliyev İncəsənət Məktəbində “Floristika sənəti” mövzusunda mühazirə təşkil edilib.

Heydər Əliyev Mərkəzinin və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Rəssamlar İttifaqının və Ümumdünya Floristlər Şurasının üzvü, Floristika İncəsənətə Dəstək Birliyinin yaradıcısı, Əməkdar artist Suğra Bağırzadənin mövzuyla bağlı mühazirəsi dinlənilib.

Dekorativ-tətbiqi sənət və dizayn növü olan floristika anlayışının güllər və bahar ilahəsi Floranın adından yarandığını vurğulayan S.Bağırzadə floristika ilə məşğul olan sənətkarın florist adlandırıldığını, floristin həm də gül-çiçək natürmortu yaradan rəssam olduğunu bildirib.

Qeyd olunub ki, florist yaratdığı əsərlərdə ətraf-mühitin gözəlliyini, möhtəşəm çeşidlərini göstərməli, həmçinin özünün fərdi qabiliyyətini nümayiş etdirməlidir. Hər bir gülün öz musiqisi, öz dili, öz duyğusu var.

Gül kompozisiyası ansambl deməkdir. Bu ansamblı yaratmaq isə floristin məqsədidir. Bu yaradıcılığın əsas ideyası odur ki, işçi materiala canlı orqanizm, canlı varlıq kimi baxmalıdır. Florist güllərin dilini başa düşməli, onları sevməli və qorumalıdır.

Diqqətə çatdırılıb ki, Azərbaycanda 4500-dən çox bitki növü yayılıb. Onların nadir və yoxa çıxmaq təhlükəsi olan 140 növü “Qırmızı kitab”a salınıb. Bunlardan 400-ə yaxınının mühafizə olunması zərurəti yaranıb.

Hər bir ölkənin öz milli koloriti, mədəniyyəti, adət və ənənələri var. Azərbaycan təbiəti üçün səciyyəvi olan müxtəlif bitkilər mövcuddur, məsələn, meşələrdə bitən dəmirağac, Eldar şamı, Lənkəran akasiyası, Qafqaz xurması və sair. Göllərdə isə su bitkiləri: suçiçəyi, süsən, sanagüllər, Xəzər xəşəmbülü, ağ suzanbağı (nilufər) və başqaları.

Azərbaycanın təbiəti yabanı, həm də yetişdirilən rəngarəng çoxsaylı bitkilərlə zəngindir. Nanə, yovşan, adi yasəmən, zəfəran, cökə, ardis və başqaları məhz bu bitkilərdəndir. Bitki növləri nə qədər müxtəlif olarsa, floristlər üçün bir o qədər çox yaradıcılıq imkanları açılır.

Floristika sənəti daima inkişafdadır. Əsl florist sehrkar bacarığa malikdir. Onun əsərlərinə baxarkən buna əmin olmaq mümkündür. Florist əlinə artıq ölümə məhkum olunmuş gülü götürür və o, bu gülü öz kompozisiyasında həyata qaytarır. Floristin yaratdığı əsər, təbiət ilə incəsənətin möhtəşəm birliyidir.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

FOTO