150 +994505000150

Şəki-Zaqatala regionunda onkoloji müayinlər və elmi konfrans keçirilib

4 may 2019
Paylaş
Şəki-Zaqatala regionunda onkoloji müayinlər və elmi konfrans  keçirilib

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) və Milli Onkologiya Mərkəzinin (MOM) birgə təşkilatçılığı ilə Şəki-Zaqatala bölgəsində 3708 nəfər onkoloji müayinədən keçirilib.

Aprelin 26-dan mayın 4-dək Milli Onkologiya Mərkəzinin həkim briqadaları bölgə sakinlərini onkoloji xəstəliklərin erkən diaqnostikası və qarşısının alınması məqsədilə səyyar mamoqrafiya, ultrasəs və Rentgen müayinələrindən keçiriblər.

Son olaraq mayın 4-də Şəkidə 866 nəfər pasiyent onkoloji tibbi müayinələrə cəlb edilib.  Profilaktik müayinələr zamanı şiş xəstəliyinə şübhə aşkar edilən iki nəfər üzərində açıq cərrahiyyə əməliyyatı aparmaq qərara alınıb və Milli Onkologiya Mərkəzi tərəfindən Şəki şəhərində həmin iki xəstənin qalxanvari vəz nahiyəsində uğurlu cərrahiyyə əməliyyatı həyata keçirilib.

Skrininq proqramı çərçivəsində RİİB və MOM-un birgə təşkilatçılığı ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Bədxassəli şişlərin diaqnostika və müalicəsinə müasir yanaşma” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Konfransda Şəki-Zaqatala bölgəsində, eləcə də qonşu Ucar, Göyçay, Ağdaş, İsmayıllı və Yevlax rayonlarında, o cümlədən Mingəçevir şəhərində çalışan onkoloq, ginekoloq, endokrinoloq, uroloq və cərrahlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Səhiyyə Nazirliyinin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli açıb.

Milli Onkologiya Mərkəzi baş direktorunun birinci müavini, tibb elmləri doktoru, professor Əziz Əliyev ölkəmizdə onkologiya sahəsində görülən işlərdən, əldə olunan nailiyyətlərdən danışıb.

Konfransda Milli Onkologiya Mərkəzinin həkimləri “Baş-boyun şişlərinin müasir cərrahi müalicəsi”, “Sinonazal və intrakranial yerləşmiş törəmələrə endonazal endoskopik yanaşma“, “Uşaqlıq boynu xərçənginə müasir yanaşma“ , “Süd vəzi xərçəngi: epidemiologiya, risk faktorları, diaqnostikası”, “Azərbaycanda uşaq onkologiyasının inkişafı” və digər mövzularda çıxış ediblər. Xərçəng xəstəliyinin müalicə və müayinəsində müasir innovativ yanaşmaları özündə əks etdirən çıxışlar böyük maraqla  dinlənilib.

Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi və Milli Onkologiya Mərkəzinin birgə təşkilatçılığı ilə əhali arasında skrininq proqramlarının digər bölgələrində də reallaşdırılması nəzərdə tutulur.

 

FOTO