150 +994505000150

Milli Onkologiya Mərkəzi və RİİB Gəncə-Qazax regionunda ödənizşiz tibbi müayinələri davam etdirir

8 noyabr 2018
Paylaş
Milli Onkologiya Mərkəzi və RİİB Gəncə-Qazax regionunda ödənizşiz tibbi müayinələri davam etdirir

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə Gəncə-Qazax regionunda birgə təşkil etdikləri ödənişsiz tibbi müayinələr Gəncə şəhərində davam edib.

Noyabrın 7-si və 8-də keçirilən müayinələr Milli Onkologiya Mərkəzinin 14 nəfərlik həkim briqadası tərəfindən Səyyar Diaqnostik Kompleksdə və Mərkəzi Klinik Gəncə Xəstəxanasında aparılıb. Müayinələrdən Gəncə şəhəri və ətraf rayonlardan müxtəlif yaş qruplarından olan 800-dən çox vətəndaş yararlanıb. Aparılan müayinələr zamanı risk qrupuna aid olan və onkoloji xəstəlik aşkarlanmış vətəndaşlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib.

Vətəndaşların layihəyə cəlb olunması, qeydiyyatı və müayinələrdən keçməsini təşkil edən RİİB nümayəndələri və könüllüləri eyni zamanda maarifləndirici xarakterli müxtəlif çap materialları paylayıblar.

Xatırladaq ki, layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən aşkar edərək vaxtında dəqiq müayinə və müalicəsini aparmaq, eyni zamanda region sakinlərinə daha rahat və keyfiyyətli tibbi xidmətdən yararlanma imkanı yaratmaqdır.

Bu cür tibbi aksiyaların gələcəkdə respublikanın digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.

 

FOTO