150 +994505000150

Milli Onkologiya Mərkəzi və RİİB regionlarda ödənizşiz tibbi müayinələr aparır

05 noyabr 2018
Paylaş
Milli Onkologiya Mərkəzi və RİİB regionlarda ödənizşiz tibbi müayinələr aparır

Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə onkoloji xəstəliklərin erkən diaqnostikası məqsədilə Gəncə-Qazax regionunda ödənişsiz tibbi müayinələrə başlanılıb.

Layihənin məqsədi skrininq, şişönü və şiş xəstəliklərini erkən müayinədə aşkar edərək, vaxtında dəqiq müayinə və müalicəsini aparmaqdır.

Layihə çərçivəsində noyabrın 5-də Samux rayonunda təşkil olunan müayinələr Milli Onkologiya Mərkəzinin 14 nəfərlik həkim briqadası tərəfindən aparılıb. Aksiya tibbi-texniki avadanlıq və vasitələrlə təchiz olunmuş Səyyar Diaqnostik Kompleksdə, həmçinin Samux Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilib. Müayinələr Samux və ətraf rayonlardan 500-dən çox sakini əhatə edib. Müraciət edən region sakinləri qalxanabənzər vəzi, boyun şişləri, süd vəzlərinin mammoqrafiyası və digər müayinələrə cəlb olunub. Eyni zamanda, xəstəlik riski olanlar tam müayinələrdən keçmək və müalicə almaq üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib. Ödənişsiz tibbi müayinələr noyabrın 6-da da davam edəcək.

Məlumat verilib ki, müvafiq tibbi müayinələr noyabrın 7-si və 8-də Gəncə şəhərində də aparılacaq. Noyabrın 9-da isə Milli Onkologiya Mərkəzinin baş direktorunun birinci müavini, professor Əziz Əliyev tərəfindən Mərkəzi Klinika Gəncə Xəstəxanasında bəzi onkoloji xəstələrin ödənişsiz cərrahi əməliyyatı həyata keçiriləcək. Layihə çərçivəsində, eyni zamanda, noyabrın 10-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində "Bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşma" mövzusunda konfrans təşkil olunacaq.

Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi və Milli Onkologiya Mərkəzi onkoloji xəstəliklərin diaqnostikası və müalicəsinə dəstək məqsədilə bu günədək Beyləqan, Ağcabədi, Qəbələdə və digər bölgələrdə də layihələr həyata keçirib.

 

FOTO