150 +994505000150

RİİB müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına dair seminar keçirib

9 oktyabr 2018
Paylaş
RİİB müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına dair seminar keçirib

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) Avropa İttifaqının dəstəyi ilə həyata keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması” layihəsi çərçivəsində oktyabrın 9-da seminar təşkil edib.

 Tədbirdə inklüziv təhsil sahəsində müəllim hazırlığı və ixtisasartırma proqramlarının, tədris vəsaitlərinin hazırlanması ilə bağlı yaradılmış işçi qrupunun üzvləri iştirak ediblər.

Bu ilin may ayından başlanan və 28 ay ərzində davam edəcək layihə çərçivəsində Bakı şəhəri, Quba, Şəki, Cəlilabad, Ağcabədi və Şamaxı rayonlarında inklüziv təhsil sahəsində müəllimlərin tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsi nəzərdə tutulur.  Layihədən orta ümumtəhsil məktəblərində çalışan 1000-dən çox ibtidai sinif müəllimi, eləcə də pedoqoji universitetlərdə təhsil alan 2000-dən çox tələbə faydalanacaq.

Seminarda beynəlxalq ekspert Marieke Stevens inklüziv təhsil və müəllimlərin peşəkar inkişafının konseptual çərçivəsi, eləcə də layihənin müəllim hazırlığı sahəsində strateji yanaşması və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verib.

Eyni zamanda beynəlxalq ekspert Marieke Stevensin iştirakı ilə inklüziv təhsil inkişafına dair strateji planın hazırlanmasına başlanılıb. Layihənin icra strategiyasının ilkin variantı, təhsil və müəllimlərin peşəkar inkişaf məsələləri Təhsil Nazirliyinin müvafiq strukturlarının rəhbərləri ilə görüşdə müzakirə olunub.

Qeyd edək ki, layihə çərçivəsində inklüziv təhsil üzrə modullar hazırlanaraq ilkin pedaqoji, eyni zamanda ixtisasartırma təhsilinin standartlarına inteqrasiya edilməsi, bu sahədə qanunvericiliyin BMT-nin Uşaq hüquqları haqqında Konvensiyaya uyğunlaşdırılması ilə bağlı təkliflərin, müvafiq tədris vəsaitlərinin hazırlanması, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun filiallarında 6 İnklüziv Resurs Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu mərkəzlər müəllim və tələbələrin inklüziv təhsil sahəsində bilik və bacarıqlarının artırılması, ictimaiyyətin maarifləndirilməsi istiqamətində daimi fəaliyyət göstərəcək.  

Ötən müddət ərzində layihə komandası tərəfindən inklüziv təhsil sahəsində ehtiyacların və gələcək fəaliyyətlərin müəyyən edilməsi məqsədilə aidiyyəti qurumlarla müzakirələr aparılıb, regionlarda inklüziv təhsil sahəsində mövcud resurslar və müxtəlif hədəf qrupları (ekspertlər, valideynlər, müəllimlər və tələbələr) arasında sorğular keçirilərək onların bilik və məlumatlılıq səviyyələri qiymətləndirilib. Regionlarda fəaliyyətin əlaqələndirilməsi məqsədilə seçilmiş koordinator və təlimçilər üçün Təhsil Nazirliyinin tabeliyində olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ilə birgə inklüziv siniflərdə təlimin təşkilinə dair seminarlar keçirilib.

 

FOTO